Milli Söz Media

İranın Çökən Sütunları: Nə Şah, Nə Şeyx – Azadlığa Aparan Üçüncü Yol

4 dəq oxuma
19 Baxış
Paylaş:
İranın Çökən Sütunları: Nə Şah, Nə Şeyx – Azadlığa Aparan Üçüncü Yol

İran bu gün tarixinin ən ağır və çıxılmaz siyasi böhranı ilə üz-üzədir. İllərdir ən sərt repressiv üsullar, işgəncə və edamlarla müxalif düşüncəni sıradan çıxaran molla rejimi, indi özü qazdığı quyuya düşüb. Cəmiyyəti qorxu və sükutla idarə etməyə çalışan Tehranın hakim dairələri artıq qəzəbli xalq kütlələri ilə dialoq qurmaq üçün nə bir “körpü”, nə də siyasi platforma tapa bilir. Bütün mülayim və vasitəçi qüvvələri sıradan çıxaran sistem, bu gün xalqın birbaşa nifrəti ilə təkbətək qalıb.

Vəziyyətin bu həddə çatmasının kökündə illərdir aparılan yanlış siyasətlə yanaşı, ölkəni daxildən gəmirən sistematik korrupsiya dayanır. İranda rüşvət və talan artıq fərdi cinayət deyil, dövlət səviyyəsində tətbiq olunan idarəçilik üsuluna çevrilib. Məmur özbaşınalığı xalqın gündəlik həyatını dözülməz həddə çatdırıb; ölkənin milli sərvətləri imtiyazlı bir qrupun şəxsi maraqlarına xidmət edir.

Dövlət aparatının hər bir pilləsinə sirayət edən bu talan siyasəti sadə vətəndaşın çörəyini əlindən alaraq bir ovuc “seçilmiş” elitanın sərvətini artırır.

Rejim daxildə iqtisadi iflic yaşayan xalqın milyardlarla dollarını xarici ölkələrdəki “proksi” qrupların saxlanmasına və regional müharibələrə sərf edib. Lakin bu gün həmin şəbəkələrin bir çoxunun beynəlxalq zərbələr nəticəsində sıradan çıxarılması, Tehranın onilliklər boyu xalqın boğazından kəsərək qurduğu “müdafiə divarı”nı darmadağın edib. Nəticədə xarici siyasət iflasa uğramış, daxildə isə korrupsiya və talanla üz-üzə qalan xalq tam şəkildə radikallaşmışdır.

Mövcud idarəçiliyin sarsılması fonunda devrilmiş Pəhləvi sülaləsinin yenidən aktivləşməsi isə İranın gələcəyi üçün real alternativ hesab edilə bilməz. On minlərlə insanın qətlində və repressiyalarda ittiham edilərək hakimiyyətdən uzaqlaşdırılan Pəhləvilər hazırda ölkə daxilində yalnız məhdud bir çevrə tərəfindən dəstəklənir. Xalqın böyük əksəriyyəti üçün onlar köhnə zülmün simvoludur və həm cəmiyyət, həm də mövcud rejim tərəfindən ciddi etimadsızlıqla qarşılanırlar. İran xalqı bu sülalənin yenidən hakimiyyətə qaytarılmasını tarixi bir təhqir kimi qiymətləndirir və onlara bir daha fürsət verilməyəcəyini açıq şəkildə ortaya qoyur.

Bu gün İran küçələrindən yüksələn vahid bir şüar var: “Nə Şah, Nə Şeyx!”

Bu şüar sadəcə iki modeli rədd etmək deyil, tamamilə yeni və milli bir hədəfin — demokratik hakimiyyətin bəyanıdır. Xalq artıq anlayır ki, ölkənin qurtuluşu nə monarxiyanın totalitar keçmişində, nə də teokratiyanın repressiv indiki zamanındadır. Həqiqi çıxış yolu İranın çoxşaxəli etnik və mədəni tərkibini nəzərə alan, insan haqlarına hörmət edən və xalqın iradəsinə söykənən müstəqil dövlət modelidir.

İran xalqı öz taleyini özü yazmaq, öz iradəsini bərqərar etmək əzmindədir. Tarixin təkəri artıq geri dönməyəcək — nə monarxiyaya, nə də teokratiyaya.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!