Qlobal Xaos
2026-cı ilin 28 Fevralı tarix kitablarına "Böyük Səhv"in başladığı gün kimi həkk olunacaq. Venesueladakı hərbi uğurdan və Maduro rejiminin devrilməsindən sonra yaranan "qələbə sərxoşluğu" Tramp administrasiyasını və onun siyasi savadlılığı ciddi şübhə doğuran komandasını tarixin ən böyük strateji avantürasına sürüklədi. İranda hakimiyyət dəyişikliyi məqsədilə başladılan hərbi əməliyyat, artıq sadəcə iki tərəf arasında deyil, bütün regionu alova bürüyən nəzarətsiz qlobal müharibə fazasına keçib. Hazırkı mənzərə göstərir ki, Vaşinqton bu savaşa tamamilə hazırlıqsız daxil olub; təkəbbürdən irəli gələn "B planı"nın olmaması ABŞ-ın bir daha "müharibəni başlatmaq asan, bitirmək isə qeyri-mümkündür" həqiqəti ilə üzləşməsinə səbəb olub. Vaşinqtonun bu addımı Rusiyanın Ukraynadakı strategiyasına bənzəyir: qısa müddətli "ildırımsürətli" qələbə ümidi ilə başlanan, lakin heç bir real çıxış strategiyası və sonrakı mərhələlər üçün planı olmayan, tükəndirici bir bataqlıqdır.
Müharibənin başlamasından dərhal sonra İranın Hörmüz boğazını ticarət gəmiləri üçün bağlaması dünya iqtisadiyyatında zəlzələ effekti yaratdı. Dünyanın neft və mayeləşdirilmiş təbii qaz ehtiyacının təxminən 20%-nin keçdiyi bu strateji su yolu artıq "ölü zona"ya çevrilib. Martın əvvəlindən etibarən heç bir gəminin keçə bilmədiyi boğazda yaranan tıxac və sığorta şirkətlərinin riskləri qarşılamaqdan imtina etməsi qlobal bazarlarda çaxnaşmaya səbəb olub. Neft qiymətlərinin bir neçə gün ərzində 120 dolları keçməsi və enerji inflyasiyasının dünyanı enerji böhranına sürükləməsi göstərir ki, Tramp administrasiyası bu miqyasda bir iqtisadi zərbəni hesablamaq qabiliyyətindən uzaqdır.
Amerika ictimaiyyəti bu savaşa qarşı son dərəcə sərt və hiddətlidir. Xalqın böyük bir hissəsi bu qanlı avantüranı daxili siyasətdəki "Epşteyn qalmaqalı"nı ört-basdır etmək üçün atılan ümidsiz bir addım kimi qiymətləndirir. Digər tərəfdən, İsrail lobbisinin ABŞ bürokratiyasına göstərdiyi hədsiz təsir, Amerikanın milli maraqlarını kənar ambisiyalara qurban verilməsi kimi şərh olunur. Trampın İran xalqına alternativ lider kimi devrilmiş şahın oğlunu zorla "sırımağa" çalışması isə bu əməliyyatın strateji iflasının təməlini qoydu. Rusiya Ukraynada "kukla hakimiyyət" qurmaq istəyərkən necə uğursuzluğa düçar oldusa, ABŞ-ın Pəhləvi "meyidini" canlandırmaq cəhdi də eyni taleyi yaşayır. İran cəmiyyəti daxildə rejimlə nə qədər problem yaşasa da, xarici müdaxilə anında hər zaman birləşmiş və ölümünə müqavimət göstərmişdir.
Müharibənin ilk günündə baş verən qızlar məktəbinin "Tomahawk" raketi ilə vurulması və 167-si şagird olmaqla 175 nəfərin həlak olması Tramp administrasiyasının bütün mənəvi legitimliyini itirməsinə səbəb oldu. Bu faciədən sonra Trampın media qarşısında səsləndirdiyi absurd və məsuliyyətsiz fikirlər isə beynəlxalq aləmdə ikrah hissi yaratdı. 46 ildir öz xalqına zülm edən cinayətkar molla rejimi, ironik şəkildə, məhz Trampın bu ağılsız hərəkətləri və mülki qırğınları sayəsində yenidən özünü "milli müdafiəçi" kimi təqdim etmək şansı qazanıb. Rusiyanın Buçada törətdiyi cinayətlər necə bütün dünyanı onlara qarşı birləşdirdisə, bu raket zərbəsi də ABŞ-ı mənəvi tənəzzülün dibinə itələdi.
Hazırkı vəziyyət Sovet-Əfqanıstan müharibəsinin müasir və daha qanlı versiyasını xatırladır. Müttəfiqlərinin köməyindən məhrum olan, beynəlxalq arenada təklənmiş ABŞ bu savaşa görə təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Koreya və Yaponiyada öz təhlükəsizlik çətiri və nüfuzunu sürətlə itirməkdədir. Görünən odur ki, bu "geosiyasi domino" hədəflənən İranla məhdudlaşmayacaq. ABŞ və İsrail daxilindəki hakimiyyət strukturları üçün də qaçınılmaz sona çevrilə bilər. Ortada bir qələbə strategiyası yoxdur, yalnız hər iki tərəfin tükənməsinə və qlobal nizamın tamamilə dağılmasına xidmət edən bir avantüra var.
Nahid İsmayıl
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!