Milli Söz Media

ABŞ-ın Qlobal İflası

4 dəq oxuma
173 Baxış
Paylaş:
ABŞ-ın Qlobal İflası

Donald Trampın ikinci hakimiyyət dövründə administrasiyasının yürütdüyü xarici siyasət ABŞ dövlətinin onilliklər boyu formalaşmış nüfuzunu sarsıtmaqla yanaşı, həm də Vaşinqtonu qlobal arenada təcrid olunmuş bir "adaya" çevirib. NATO-nun əsas şüarı olan "hamımız birimiz, birimiz hamımız üçün" prinsipini faktiki olaraq ləğv edən Tramp, Avropa müttəfiqlərini Rusiya təhdidi qarşısında tək qoyaraq ittifaqın təməl prinsiplərinə xəyanət etmişdir. Putinin işğalçı siyasəti qarşısında qəribə bir "öhdəlik" nümayiş etdirən Tramp, haqlı tərəf olan Ukraynaya diplomatik və hərbi təzyiqlər göstərərək beynəlxalq hüququn aliliyi prinsipini darmadağın edib.

İranla başlayan hərbi avantüranın həm döyüş meydanında, həm də diplomatik masada böyük bir uğursuzluğa çevrilməsi ABŞ-ın Yaxın Şərqdəki hegemonluğuna son qoydu. Hörmüz boğazının bağlanması ilə nəticələnən bu strateji səriştəsizlik qlobal iqtisadiyyatı dərin böhrana sürükləsə də, Vaşinqton dayanmaq niyyətində deyil. İndi də Argentinanın "marionet" prezidenti Xavyer Miley vasitəsilə Folklend adaları mövzusunun yenidən gündəmə gətirilməsi ABŞ-ın strateji müttəfiqi olan Böyük Britaniya ilə münasibətlərini bərpası mümkün olmayan bir uçuruma sürükləyib. Qrenlandiya və Kanadanın ilhaqı ilə bağlı absurd iddialar isə Vaşinqtonun artıq müttəfiqləri tərəfindən bir tərəfdaş deyil, bir təhlükə mənbəyi kimi qəbul edilməsinə səbəb olub.

Daxili cəbhədə də vəziyyət xarici siyasətdən fərqlənmir. Trampın və onun ABŞ tarixində ən bacarıqsız komanda hesab olunan kabinetinin dağıdıcı fəaliyyəti Amerika cəmiyyətində dərin etimadsızlıq yaradıb. Son rəy sorğuları göstərir ki, ABŞ tarixində ilk dəfə olaraq ölkə başçısına inam rekord həddə — cəmi 17 faizə düşüb. Bu rəqəm artıq sadəcə bir siyasi liderin deyil, bütövlükdə dövlət sisteminin legitimlik böhranı yaşadığının göstəricisidir. Daxildə parçalanmış, xaricdə isə müttəfiqlərini itirmiş bir ölkə artıq "dünyanın jandarmı" titulunu qoruya bilmir.

Hazırkı mənzərə göstərir ki, Vaşinqtonun bu plansız və avantürist gedişləri "super gücün" sonunun carçısıdır. Rusiyanın Ukraynadakı strategiyasızlığına bənzəyən bu "B plansız" müharibələr və diplomatik böhranlar ABŞ-ı tarixin ən böyük tənəzzülünə hazırlayır. Regional güclərin yeni hərbi ittifaqlar qurması Amerikanın artıq qlobal nizamda aparıcı rol oynamadığını təsdiqləyir. Görünən odur ki,

"Qlobal nizamın iflası" artıq simvolik bir ifadə deyil, Amerika dövlətinin və onun qlobal sisteminin real mənzərəsidir. "Amerikanı Yenidən Böyük Edin" şüarı ilə yola çıxan Tramp administrasiyası, əslində, ABŞ-ı iflasa gətirib çıxardı.

                           Nahid İsmayıl 

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!