Nigeriyada ABŞ-ın Tomahawk əməliyyatı: Raketlər mülki ərazilərə düşüb
ABŞ-ın Nigeriyanın şimal-qərbində İŞİD-ə qarşı həyata keçirdiyi raket əməliyyatı zamanı ciddi texniki uğursuzluq qeydə alınıb. Prezident Donald Trampın əmri ilə "USS Paul Ignatius" esmincindən atılan 12 raketdən ən azı üçü hədəfdən onlarla kilometr kənara saparaq mülki yaşayış məntəqələrinə düşüb.
Yerli sakinlərin paylaşdığı görüntülərdə Sokoto və Kvara ştatlarında partlamamış WDU-36/B tipli, 340 kq-lıq ağır döyüş başlıqları aydın görünür. "Militarnyi" və "Defence Blog" kimi nüfuzlu hərbi nəşrlər baş verənləri rəsmən uğursuzluq kimi təsnif edir. Çünki raketlər terror düşərgələri əvəzinə, Offa rayonundakı "Solid Worth Hotel" və bir xəstəxananın yaxınlığına düşərək binalara ciddi zərər vurub.
Ekspertlərin rəyinə görə, raketlərin trayektoriyadan sapması nəticəsində avtomatik təhlükəsizlik mexanizmi işə düşüb və döyüş başlıqlarının partlamasını bloklayıb.
Bu mexanizm sayəsində kütləvi insan tələfatının qarşısı alınsa da, bir neçə sakinin yaralandığı və milyonlarla naira dəyərində mülki əmlakın məhv edildiyi bildirilir.
Nigeriya Xarici İşlər Nazirliyi zərbələrin kəşfiyyat məlumatları əsasında koordinasiya edildiyini desə də, raketlərin mülki ərazilərə düşməsi ölkədə ciddi narazılıq doğurub.
Beynəlxalq mətbuatda bu hadisə ABŞ-ın müasir raket sistemlərinin etibarlılığı və mürəkkəb ərazilərdəki effektivliyi barədə geniş müzakirələrə yol açıb.
Hazırda yerli hakimiyyət orqanları partlamamış başlıqların zərərsizləşdirilməsi ilə məşğuldur, Vaşinqton isə hələlik texniki nasazlığın dəqiq səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!