Ukraynada dövlət maliyyəsinin vəziyyəti kritik həddə yaxındır
Ukraynada dövlət maliyyəsinin vəziyyəti kritik həddə yaxındır. Bu barədə sentyabrın 14-də ölkənin Baş naziri Sergey Koretski bəyan edib.
"Dövlət maliyyəsinin vəziyyəti kritik həddə yaxındır. Bütün xalq deputatlarını beynəlxalq maliyyə yardımının alınmasının bağlı olduğu qanun layihələrini mümkün qədər tez qəbul etməyə bir daha çağırdım", — deyə o, özünün "Telegram" kanalında yazıb.
Baş nazirin sözlərinə görə, hökumət rəsmi olaraq bütün deputatlara və müvafiq komitələrə hər bir zəruri səsvermə üzrə dəqiq müddətləri əks etdirən qrafik göndərəcək. Bu son müddətlərin (dedlaynların) pozulacağı təqdirdə isə Ukrayna vəd edilmiş 29,5 milyard dollarlıq beynəlxalq maliyyələşmənin böyük hissəsini itirmək riski ilə üz-üzə qalacaq. O, dəqiq məbləğləri açıqlamayıb.
O əlavə edib ki, hökumət öz tərəfindən 42 qərar şəklində öhdəliklərin icrasına zəmanət verir. Hökumət bu prosesi sürətləndirmək qərarına gəlib və işlərin yekunlaşdırılması üçün ilkin tarixi noyabrın 1-dən oktyabrın 15-nə keçirib.
Koretskinin sözlərinə görə, "G7" ölkələrinin və Aİ-yə üzv dövlətlərin səfirlərinin Ukraynanın nazirləri, deputatları və komitə rəhbərləri ilə keçirilən görüşü zamanı beynəlxalq maliyyə dəstəyinin təmin edilməsi üçün parlament və hökumətin sinxron işləməsinin zəruriliyi müzakirə olunub.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!