Avropa ölkələri və Kanada İsraillə ticarəti məhdudlaşdırır
Böyük Britaniya, Fransa və Kanada, habelə Avropa İttifaqının daha doqquz ölkəsi İordaniyanın Qərb sahilindəki İsrail məskunlaşma məntəqələrindən olan malların ticarətini qadağan edən milli sanksiyaların tətbiqi niyyətini təsdiqləyib.
Milli Söz-ün məlumatına görə, bu barədə sentyabrın 8-də Böyük Britaniya hökumətinin saytında yerləşdirilən dövlətlərin birgə bəyanatında bildirilir.
Daha əvvəll Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend İsrailin Qərb sahilindəki işğalını qanunsuz adlandırmışdı. O əlavə etmişdi ki, London "işğal olunmuş ərazilərdəki qanunsuz məskunlaşma məntəqələrindən gələn malların idxalına qadağa" tətbiq etmək niyyətindədir. "Sky News" telekanalının dəqiqləşdirdiyinə görə, diplomat həmçinin İsrail hökumətini "məskunlaşma məntəqələrinin genişləndirilməsini dərhal dayandırmağa" çağırıb.
"Bu gün Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniya beynəlxalq hüquqa əsasən qanunsuz hesab edilən [İsrail] məskunlaşma məntəqələri ilə malların ticarətinə milli məhdudiyyətlər tətbiq etmək və/yaxud Avropa məhdudiyyətlərini dəstəkləmək niyyətini təsdiqləyir və ya bu və digər tədbirləri fəal şəkildə nəzərdən keçirirlər", – deyə sənəddə qeyd olunur.
Bəyanat müəllifləri məhdudiyyətlərin zəruriliyini İsrail məskunlaşma məntəqələrinin genişlənməsi və sakinlərin zorakılıq hallarının artması ilə əlaqələndirirlər. İordan çayının Qərb sahilində, Qüds ilə İsrailin Maale-Adumim məskunlaşma məntəqəsi arasında yerləşən təxminən 12 kvadratkilometrlik E1 ərazisində tikinti tenderlərinin dərc olunması xüsusi narahatlıq doğurub.
"Biz birlikdə qətiyyətliyik: "iki xalq üçün iki dövlət" prinsipi qorunmalıdır və biz ədalətli və davamlı sülh naminə addımlar atacağıq. Biz Fələstin torpaqlarının ilhaqına və Fələstin əhalisinin məcburi köçürülməsinə bərabər olan hərəkətlərə qətiyyətlə qarşı çıxırıq", – deyə sənəddə vurğulanır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!