İtaliya və Fransa Ukraynaya yeni ZRK-lər verəcək
İtaliya və Fransa Ukraynaya dörd yeni SAMP/T NG zenit-raket kompleksinin (ZRK) verilməsi barədə razılığa gəliblər.
Milli Söz xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, proqramın ümumi dəyəri təxminən 3 milyard avro təşkil edəcək. Maliyyələşdirmənin 2026–2027-ci illərdə Kiyevi dəstəkləmək üçün nəzərdə tutulmuş "Ukraine Support Loan" Avropa mexanizmi hesabına həyata keçirilməsi planlaşdırılır.
Dörd yeni komplekslə yanaşı, Kiyev "Aster 30" raket-tutucularını, radarları və SAMP/T sistemləri üçün komplektləşdirici hissələri də almalıdır. İtaliya oktyabr ayına qədər öz Silahlı Qüvvələrinin ehtiyatlarından raketlərin bir hissəsini təhvil vermək niyyətindədir.
Ayrıca, tərəflər Ukraynaya "Aster 30" raketlərinin lisenziyalı istehsalına icazə vermək barədə də razılığa gəliblər. Müvafiq razılaşma daha əvvəl Fransa və Ukraynanın birgə bəyanatında təsbit olunub: Kiyev dörd SAMP/T NG kompleksi sifariş etmək niyyətindədir, Fransa və İtaliya isə Ukrayna ərazisində "Aster 30" raketlərinin istehsalına icazə verəcək.
"La Repubblica"nın məlumatına görə, dörd batareya ilə birlikdə yeddi radarın çatdırılması planlaşdırılır – altısı Fransanın "Thales", biri isə İtaliyanın "Leonardo" şirkətinin istehsalı. Yeni sistemlərin və avadanlıqların 2027-ci il ərzində tam həcmdə tədarük ediləcəyi gözlənilir.
Yeni komplekslərin gözlənildiyi müddət ərzində Fransa, həmçinin öz Silahlı Qüvvələrinin heyətində olan iki SAMP/T sistemini müvəqqəti olaraq Ukraynaya təhvil vermək niyyətindədir. Bundan əlavə, Paris və Roma artıq Ukraynada yerləşdirilmiş komplekslər üçün "Aster 30" raketlərinin tədarükünü sürətləndirmək barədə razılığa gəliblər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!